
Filmin növbəti səhnəsi qar üzərində çəkilməliydi. Yay olduğu üçün çox fikirləşmədən Duz gölü natura kimi seçildi. Adı göl olsa da, özü çoxdan qurumuşdu. Yerində isə yalnız göz işlədikcə ağaran qalın duz qatı qalmışdı. Əsas odu ki, kameranın gözü üçün hər tərəf ağappaqdı. Deməli yerdə qar var. Çəkiliş günü təyin olundu. Və təxminən otuz nəfərdən ibarət qrup qar üzərində, daha doğrusu duz üzərində işə başladı. Torpaqlı, tozlu yolun o başında avtomobil göründü. Maşından yaxşı başı çıxan adamın bir baxışı kifayət eləyər ki, bunun əlil avtomobili olduğunu təyin eləsin. Çəkiliş qrupu üçün isə o, sadəcə kinorejissordu. Balaca maşın yaxınlaşdı. Rejissor köməkçiləri köməyə tələsdi. Qapıdan əvvəlcə qoltuqağacların ucu göründü, ardınca da rejissorun yeganə qıçı uzandı. Köməkçilər onun qalxmağına kömək elədi. Və həmişəki kimi köməkləşib çəkiliş meydançasına gəldilər. Rejissorun enli qatlama kreslosu artıq hazır idi. O, oturdu və çəkiliş nöqtəsini göstərdi. Operator assistentləri kinokameranı gətirməyə getdilər. Onlar gec qayıtdılar. Sifətlərində çaşqınlıq vardı. Təqsirli adamlar kimi rejissora dedilər ki, ştativin bir ayağı sınıb. «Torpaq yol çox kələ – kötür idi, dəzgahlar maşında çox atılıb düşüb, bəlkə ondandı.» Kinorejissor özündən çıxdı, qəzəbləndi, deyindi, mırıldandı, söyləndi, bir neçə nəfərə acıqlandı, sonrada susub oturdu. Bütün çəkiliş meydançası da susurdu. Əsəbi oturan rejissor nəhayət öz qoltuqağaclarından birini uzadıb dedi ki, kameranı gətirin, ştativin sınan ayağının əvəzinə qoyun.
* * *
Biz qədim türklərdənik. Vətənimiz Azərbaycandı. Bizim torpaqdakı kəllə və bədənləri ayrı basdırılan sayagəlməz cəsədlərdə yadellilərin barmaq izi çoxdu.
* * *
Gündəlik həyatımın bir hissəsi keçdiyi avtobusdayam. Yeksənəq rənglərdi yenə. Diringi toy mahnısı qulaq deşir. Keşlə məscidinə yaxınlaşanda sürücü musiqini kəsir. Digər müsəlman sürücüləri də məscidə və məzarlığa yaxınlaşanda belə eləyir. Məntiqsizliyin axırı görünmür…! Cahillik və tamam. Yoxsa yalnız məscidlərlə, digər xalqlardakı «Tanrı ev»lərimi Allahın mülkiyyətinə aiddi, ona görə də yaxınlaşanda hörmət və qorxudan hansısa ehtiramını bildirir?! Deməli qalan yerlərdə qorxmamalıyıq – hər cür yaramazlıq eləmək olar. Son dərəcə yanlış və xətalı düşüncə! Yer üzü, bütün kainat Allahın mülkiyyəti deyilmi!?
* * *
Dayanacağa tərəf addımlayırdım. Kifayət qədər isti gündü. Çox arıq, hündür, beli bükülən və nimdaş geyinən qırx yaşlarında bir kişi qabağımı kəsdi:
– Xahiş eləyirəm, mənə iyirmi qəpik ver, – dedi.
Səsində başqa dilənçilər kimi yalvarış yoxdu. Onun üzünə baxdım. Deyəsən orda nə vaxtsa nəciblik nişanələri olub. Hər iki yanağı boyunca uzanan dərin qırışlar çənəsinə uzanırdı. Rəngi solan uzunqol köynəyin biləklərini kip – kip bağlamağından və ətəklərini şalvarın üstünə atmağından hiss olunurdu ki, həbsxana həyatına yaxşı bələddi.
– Neyləyəcəksən iyirmi qəpiyi? – yarım ciddi, yarım etinasızlıqla soruşdum.
Onun səsi hürkək və bir az da mərd çıxdı:
- Düzünü deyim, yoxsa yalanmı deyim?
Əslində mən ona iyirmi qəpik verməyi qət eləmişdim. Ona görə də fərqinə varmadım. Ancaq sualını cavabsız qoymadım:
– Bəlkə də yalan cəlb eləyə bilər, lakin həqiqət nə qədər adi olsa da əslində ən maraqlısı odu.
– Məndən həmişə soruşublar, mən də həmişə demişəm: mən içənəm və ölənəcən də içəcəm. Mən araq içmək istəyirəm pulu da ona görə götürürəm.
Pulu ona verdim. Ümid eləyirəm ki, o, mənə yalan deyirdi.
* * *
Günlərin bir günü altı yaşlı Sona atasına ciddi tövrlə dedi: Dədə, mən bilirəm, adamlar qocalanda qızıl diş çıxarır.
* * *
Dostum Səməd elekron ünvanıma məktub göndərmişdi: « Altı yaşındakı qızım şəkil çəkib – damcının göz yaşı… »
* * *
İndi, müasir dünyada hicabı inkar eləyən qadınlara heykəl qoyulur. Lakin, bəlkə də hicab məhfumu olmasaydı, evlərin divarı şəffaf olardı.
* * *
Bu, dünyanın ən adi metal parçasıdı. Onu güllə eləyənsə sürətdi. Sürət ölümdü.
* * *
Şəhərə səhər yaxınlaşır. Yolda nərildəyən motorların şiddəti və birdə yaşadığımız əsrin sürəti artır. Bütün sürətlərin sonu sükunətdi…
* * *
Hər gün ona iş olurdu. O, qəzaya uğrayan avtomobilləri maşın qəbirstanına aparan böyük furqon sürürdü. Bir az əvvəl palçıq – meyidlər əzik – üzük avtomobillərdən çıxardılanda o, sarsılan nəzərlərlə baxmışdı. O, hər gün sarsılırdı.
* * *
Ölüm ən böyük imtahandı.
* * *
İnsan özü boyda torpaqdı.
* * *
Bidət əhli qəlbindəki möhürə alnını vurar.
* * *
Məhbusun həftəsində cümə yoxdu.
* * *
Allah–təala deyir: «…məndən qorxun», deməyib ki, bir – birinizi qorxudun.
* * *
Ramazan ayı idi. İftara yaxın Quran oxuyurdum. Həyətdən qonşu kişiylə üç yaşlı qızımın söhbətini eşitdim:
- Atan evdədi?
-Hə,
-Neyləyir?
-Kitaba baxır…
* * *
Şadlıq sarayındakı ifrat həşir onu sıxdı. Açıq havaya çıxdı. Qaranlıq çoxdan düşmüşdü. Dövrə vurub dayanan dost – tanışa yaxınlaşdı. Rəqs eləməkdən təngənəfəs olsa da, siqaret çəkirdilər. Sərxoşluqdan bir – birinin sözünü kəsə – kəsə, elə hey danışırdılar. Üzləri qızarmışdı, həm də möhkəm tərləmişdilər. Bir az dayandı və bezdi. Salona qayıtdı. İçəri girəndə gur çilçıraqlar gözünü qamaşdırdı. Camaatın yarıdan çoxu ortalıqda rəqs eləyirdi. Öz yerinə keçib oturmaq istədi. Bir anlığa çaşdı. Salona göz gəzdirib harda oturduğunu yadına salmaq istədi. Lakin …tapmadı. Birdən yadına düşdü ki, bəy özüdü.
* * *
Möhkəm isti gün idi. O, tozun əbədi məskəni olan taxta sexində işləyirdi. İndi də işləyirdi. Qan – tər içində, özüdə respiratorla. Birdən öskürəyi tutdu. Respiratora tüpürdü.
* * *
Ağzın polis olmasa da, hər halda, yaxşılardan da deyildi. Özü haqda danışanda «köhnə kişi» deyirdi. Bir dəfə o, çaşdığından saxladığı növbəti sürücüyə heç nə deyə bilməmişdi. Sir – sifətdən ona çox oxşayan sürücünün ağzında uşaq əmziyi vardı.
Açar sözlər:
Şərhlər
Anlaşıqlı oxucu olduğunuz üçün dərin təşəkkürümü bidirirəm.
Damla, siz kimsiz?
Qarşılıqlı təşəkkür.
Sizin səhifəyə gəlib çıxan - oxucu dənizindən bir Damladı.
Perviz bey, metnlerinizin bir hissesini evvelden oxumusham, amma yene de tekrar gormekden ancaq sevinirem...
@Qum kendir@den evvel ne yazmisiz? onalri nece tapib oxuya bilerik?
Hörmətli "R.", əvvəla sizə təşəkkürümü bildirirəm. "Qum kəndir"dən əvvəl hekayələr (hardasa 10-dan yuxarıdı) və bir povest yazmışam. Yəqin ki, tədricən onlarıda səhifəyə qoyacam


" Allah–təala deyir: «…məndən qorxun», deməyib ki, bir – birinizi qorxudun."
İyul 19, 2008 18:22"Bu, dünyanın ən adi metal parçasıdı. Onu güllə eləyənsə sürətdi. Sürət ölümdü."
"Yaşadığımız əsrin sürəti artır. Bütün sürətlərin sonu sükunətdi…"
Bu cümlələrinizin hərəsi bir kitablıq məna daşıyır. Gözəldi.