Dostumla hansısa ədəbi məclisdə oturmuşduq. İştirak eləyənlər şairlər və oxuculardı. Şairlərin çoxu kişi, oxucularınsa çoxu qadın idi. Şairlər növbə ilə kürsüyə qalxıb şeir derdilər. Dikələn və udqunan parıltılı baxışlar onlara zillənirdi. Sonrasa ehtizazlı çəpiklər. Qarşımızdakı sırada oturan qadınların biri daha çox seçilirdi. Cavandı. Üzünün qanışirin dərisində solğun cazibə vardı. Şeiri dinləyəndə kirpikləri titrəyirdi, dodaqlarını yalayırdı və hərarətlə əl çalırdı. Sonda, məclisi aparan təvəqqe ilə kimisə dəvət elədi. Birinci sırada oturanlardan birisi ayağa durub süni təvazö ilə kürsüyə qalxdı. Onu tanıyırdım. Media aləmindəki zənginlərdən idi. Hardasa əlli beş yaşı olardı. Odla – alovla şeir oxumağa başladı. Ailə dəyərlərindən, körpələrin ülviliyindən, ana qayğısından, övlad sevgisindən və bütün bunların toxunulmaz müqəddəsliyindən söz açdı. Bayaqkı qadına baxdım. Təəccübləndim. Şövqü sönmüşdü. Kirpiklərini endirib yerə baxırdı. Görkəmindən qüssə yağırdı. Şeir qurtaranda da əl çalmadı. Bayıra çıxanda dostumdan soruşdum:
– Qabaq sırada bizdən sola oturan qadın kimdi?
O, etinasızlıqla üzünü mənə tərəf çevirmədən dedi:
– Ən axırda şeir deyənin məşuqəsi...
* * *
Ehtiyatlı ol. Əhəmiyyət vermədiyimiz kiçik səhvlərin sonunda böyük günah dayanır.
* * *
Mağazadan çıxanda arvad ərinin qoluna girdi. Bir – iki addım getdilər. Arvad dayandı:
– Qadın kişinin sağında getməlidi, – deyərək kişinin soluna keçdi.
* * *
İnsan cinsini üç tipə bölmək olar: kişi, qadın, birdə hamilə qadın.
* * *
Dostum Rafiq bir dəfə hamilə qadın görəndə demişdi:
– O – o – o, artıq burda dörd mələk işləyir.
* * *
İşıq pulunu keçirmək üçün hansısa bankın filialına girdim. Dedilər ki, kompüterlər işləmir, işıq sönüb.
* * *
Yerdən bərk yapışan Göyə heç nə aparmaz.
* * *
Köhnə evlər söküləndən sonra təzə evlərin yuxusuna girir.
* * *
Çarəsiz qocalıq xəstəliyinin ilk əlaməti cavanlıqdı.
* * *
Metroda bir uşaq gülərüzlə dilənirdi...
* * *
Məni əsəbləşdirmə, yoxsa şeir deyərəm…
* * *
Ya Rəbbim, Sənə qəlbim daim həmd – şükürlə yaşayır
Yaşadıqca yaşamaqdan qorxa – qorxa yaşayır
* * *
İşıq Şərqdən gələr, kölgəsə Qərbdən
Ağır qütblər soyuq qanla tarazlığı qoruyar
…orda ağaclar yoxdu.
* * *
Qütblərdə kölgələr uzanmır. Buz daşlara heç vaxt arı qonmayıb.
* * *
Bir nəfər tanıyıram. O, rəngsazların ən uzunudu, ən çox danışanıdı, işləyəndəsə ən kirli geyinənidi. O, işə gələndə əvvəl – əvvəl nəlbəkiyə sərib çayı hortuldatar, uzun boğazında iri hulqumu qabardıb danışar, bir paprus yandırıb Yer üzündəki ən kirli və ən iyli rəngsaz paltarını geyinər. Və işə başlar. İşini də pis görməz. Hə birdə… cibindən bahalı ətir çıxarıb dünyanın ən kirli rəngsaz paltarına çiləyər. Bir sözlə, o, pis oğlan deyil.
* * *
Diş həkiminə getmişdim. Kabinetə bitişik balaca gözləmə otağında dörd – beş yaşlı oğlan, anası və nənəsiylə oturmuşdu. Məndə əyləşdim. Uşağın hürkmüş nəzərləri otaqboyu sürətlə dolaşırdı. Kabinetin qapısından doktorun başı göründü. Otağı süzəndən sonra uşağa gülümsündü:
– Daha qorxmayacaqsan, hə…?!
Uşaqdan səs çıxmadı. Deyəsən nənəsinin arxasında gizlənmək istəyirdi.
– Yox həkim, bu gün söz verib ki, qorxmayacaq.
– Bu balaca yalançı dünən də söz vermişdi, srağagün də.
Həkim gülə – gülə balacanın əlindən tutub kabinetə apardı. Nənəsi də dalınca getdi. Anası içəri girmədi. Deyəsən uşağın həyəcanı onu da narahat eləyirdi. Məncə, həkim yanında uşaqları öz qorxusu ilə tək buraxmaq, həmin qorxuya qalib gəlmək üçün ən yaxşı üsuldu. Sonra isə sərbəstliyin ən yaxın dostu olan vərdiş yaranır.
Kabinetdən həkim və nənənin yarımdanlaq – yarımnəvazişli səsi, uşağın da narazı mızıltıları eşidilirdi. Birdən uşaq qışqırdı, onun səsi yerə tökülən dəmir əşyaların cingiltisinə qarışdı. Heç bir saniyə keçmədi, kabinetin qapısı sürətlə açıldı. Uşaq düz anasının qucağına atıldı:
– Ana! Ana, məni bağışla, ana, məni bağışla! – uşaq isteriya içində qışqırırdı,
– ana, mən daha küçəyə çıxmayacağam, paltarımı kirlətməyəcəm, televizora qaşıq vurmayacağam, bacını incitməyəcəm, yumurtaları sındırmayacağam, Azərə daş atmayacağam,…
Uşaq yenə də cinayətlərini sadalamaqda davam eləyirdi. İndi yadıma gəlmir. Ancaq oğlançığaz əmin idi ki, törətdiyi «böyük günah»lar bağışlansa, dişi daha ağrımayacaq.
* * *
Hər gün təzə maraq və təəccüblə həyatı seyr eləyirəm.
Açar sözlər:
Şərhlər
Dostum Rafiq bir dəfə hamilə qadın görəndə demişdi:
– O – o – o, artıq burda dörd mələk işləyir.
Əladı...
Damla xanım, siz "Qum kəndir "in bundan əvvəlki hissələrini oxumuş
olsaydınız, orda "Hər yeni gün günahlar da təzələnir" kəlməsinə rast gələrdiz.
Beləliklə yeni gün, həm də bizim həyatımızın təzə parçasıdı,deməli təzəlik təəccüb
doğurmalıdı, bu qayda ilə yeni gündə doğan təzə günahlardan da qorxmalıyıq.
Beləliklə, yəqin ki, sizi başa sala bildim.
məni daha çox xırda məişət hadisələri əsəbiləşdirir.
Teshekkurler Rebiqe...
İyul 19, 2008 15:55
Şərhinizdən duyulur ki əsbiləşmisiz. Deməli yazdığınıza etiraz edən bir bir oxucu buna nail ola bilib.
Heyif ki əsəbiləşdiyi zaman sizi görmək qismət olmadı. Yəni bilmədim şeir dediniz ya yox. Etiraf edim ki “Məni əsəbləşdirmə, yoxsa şeir deyərəm…” cümləsini oxuyarkən müəllifi möhkəmcə əsəbiləşdirməyi və şeir söyləməsini görmək istəyi yaranmışdı.
Adətən hirslənən zaman kobud sözlər deyir, söyürlər (hərə öz tərbiyəsi çərçivəsində oz söz bazasında istifadə edir.)
Bəs niyə şeir söyləmək kimi gözəl, incə duyğulu bir işi hirslənəndə deyilən sözlərlə assosiasiya edirsiniz?
Təbii ki, günahlardan gorxmaq lazımdır.
Fikrimcə qorxu var olan yerde ən maraqlı yenilik də də təəccüb doğura bilməz.
Məsələn sizi şirin qəfəsinmə salsalar və həmin vaxt lap yaxınlıqda çox maraqlı, böyük, möhtəşəm bir hadisə baş verirsə, siz təəccüblənə bilərsiz?
Bir dəfə metroda ağlıma gəldi ki “metroya qar yağırdı” cümləsi divardakı reklam çərçivələrinə yazılsaydı necə yaxşı olardı. Bax o zaman hamı təzə maraq və təəccüblə bunu seyr eləyərdi.
Təbii, elə məsələlər var ki, əsəbiləşən və həll eləyirsən. Bunlar sırf məişətlə bağlı olur. Amma elə məsələlər də var ki, həlli mümkün deyil yaxud çox çətindi. Bu zaman hökmən əsəbləşirsən, çox əsəbləşirsən, sonra əsəb iztiraba çevrilir, iztirab çəkirsən. Beləliklə yəqin ki hamıda yox, bəzi adamlarda iztirab qəlbin filtirindən süzülüb poeziyaya çevrilir. Ona görə də deyirəm:” Məni əsəblşdirmə, yoxsa şeir deyərəm”
Əgər məni şirin qəfəsinə salıblarsa, deməli mən ...şirəm)))
Həyatı maraqla və təəccüblə seyr eləmək sadəcə müşahidədi, hələ iştirak eləmək deyil.
Sizsə məni zorla iştirakçıya çevirmək istəyirsiz)))
Metrodakılar maraqla seyr eləyərdilər, ancaq düşünənlər az olardı
Biz həyatı seyr eləyirik. Ama öz həyatımızın həm də iştirakşılarıyıq. Olanlara təəccüblənən iştirakçıları.
... hökmən əsəbləşirsən, çox əsəbləşirsən, sonra əsəb iztiraba çevrilir, iztirab çəkirsən. Beləliklə yəqin ki hamıda yox, bəzi adamlarda iztirab qəlbin filtirindən süzülüb poeziyaya çevrilir.
-bu cümləniz də “qum kəndir”in aforizmləri sırasına düşməyə layiqdi.



Yaşamaqdan qorxa – qorxa yaşanan həyatda təzə maraq və təəccübə yer qalırmı? Təəccüblüdür.
İyul 17, 2008 21:41Sizi əsəbiləşdirməyin yolu necədir?