
Nişanlılar, ləpələri daim beton səddə çırpılan dənizin sahilində görüşdü. Bura park idi, döşəməsi beton səddən başlayırdı. Hər ikisinin saçına dən düşmüşdü. Əl - ələ tutub xırda, bəlkə də qayğılı addımla gəzirdilər. Arabir hörmətlə baxışıb gülümsünürdülər. Bir də beton döşəməli parkın toranına kiçik cümlələr səpələnirdi. Bəzən qızın çöhrəsindən güclə sezilən əsəbilik keçirdi. Görüşdən əvvəl qız gözünün ətrafında əmələ gələn qırışlara uzun – uzadı baxmışdı. Həftədə bircə dəfə görüşmək imkanları olurdu. Həm oğlanın, həm də qızın çətin və ağır işi vardı.
Nəhəng skamyanın küncündə oturdular. Oğlan qızın cod əllərini özünün iri cod ovcuna aldı. Bacardığı qədər nəvazişli sözlər deməyə çalışdı. Sonra bir qədər yöndəmsiz də olsa öpüşməyə başladılar. Birdən qız dodaqlarını çəkdi. Cəld üzr istəyib üzünü yana çevirdi. Uzun – uzadı öskürdü. Utana – utana təkrar üzr istədi. Oğlan ərkyana qızı özünə çəkdi.
Bu dəfə oğlan dodaqlarını çəkdi. Heç üzr istəməyə macal tapmadı. Kəsik – kəsik xeyli öskürdü. Sonra cib yaylığını cıxarıb ağzını silə - silə qıza baxdı. Hər ikisini gülmək tutdu.
* * *
Mübarizə başlayan andan əqidəyə köləlik də başlar.
* * *
Qızmarda gəzib istidən gileylənmə.
* * *
Dar yolda sağı tutub gedən sürücüylə, bütöv yolu tutub gedən sürücü arasında yəqin ki fərq var.
Yəqin ki, korların da öz fənəri var.
* * *
Meşələri yarıb uzanan şosedə, yaxud lap elə kənd və şəhər küçələrində asfalta yapışıb quruyan heyvanları tez – tez görmək olar. Baxmayaraq ki, heyvanlar insana nisbətən çox cəld və çevikdi.
Bəs onda niyə üstünə şütüyən hədəfdən yayına bilmir?
Heyvan yalnız bir halda özündən qüvvətli hücumu dəf eləmək istər – ovunu bölüşmək istəmədikdə.
Ona görə də ey adamlar, yeməli şeyləri yola atmayın.
* * *
Kənd çayxanaları ayrı aləmdi. Bir dəfə səmimi şerlər yazan və dadlı bamiyələr bişirən dostumla nərd atmaq istədik. Zərin birini götürüb atdım. Şeş düşdü. O, tərəddüd eləmədən özündəki zəri mənə uzadıb dedi:
– Mən şeşə zər atmıram.
* * *
Bizim kəndin məscidindəki minbərin qabağında tribuna da vardı. Cümə günü xütədən əvvəl fiqhə aid sual – cavab olurdu.
“Hər bir müsəlman öz ölkəsinin yolu ilə getməlidi.” – bir dəfə imam sual – cavabın sonunda belə demişdi. Sonra xütbə oxumaq üçün minbərə qalxmışdı.
* * *
Yalnız yemək stolu, bütün ailənin ğündə bir neçə dəfə yığışdığı yeğanə yerdi.
Davamı...Açar sözlər:
Ömründə bu cür şiddətli həyəcan hiss eləməmişdi. Bədəni fəza gəmisinin kabinəsinə bərk pərçimlənsə də, bütün ruhu uçunurdu. Kosmosa ilk uçuşuydu. Onu bir daha Yerə qayıtmamaq qorxusu bürümüşdü. Özünə görə narahat deyildi, bir daha atasını görməməkdən qorxurdu. İki il ərzində keçdiyi sərasər təlimlər, ciddi rejimlə qidalanma, müxtəlif komissiyalar onun iradəsini sarsıtmamışdı. Uçuş qabağı on günlük dinclik verilmişdi. Əgər buna dinclik demək mümkün idisə, – gimnastika, qidalanma, yenə də hər şey ciddi nəzarət altında idi. Lakin dünən eşitdiyi xəbər bütün varlığını alt – üst eləmişdi. Bayaq xüsusi avtobus onu Kosmik Uçuşlar Mərkəzinə gətirəndə də elə yorğun, elə əzgin idi ki, heç düşmək istəmirdi. Halbuki onun bədəni ən ölü yorğunluğa ideal tab gətirə biləcək qədər öyrəncəli idi. Dünən nəzarətçilərin ehtiyatsızlığından istifadə eləyib burdan min kilometrlərlə uzaqda olan ailəsinə zəng vurmuşdu. Sevinirdi. Məxfi məlumat olsa da, sabahkı uçuşunu onlarla bölüşmək istəyirdi. O, altı il idi ki, atasını görmürdü. Bu arada bir dəfə üç – dörd saatlıq evdə olmuşdu. Anasını, bacılarını görmüşdü. Mövsüm vaxtı idi. Atası evdən xeyli uzaqda yerləşən ailəyə məxsus fındıq bağında gözətçi qalmışdı. Məhsul yığımından sonra gələcəkdi. Uşaqlıqda atasıyla çox getmişdi fındıq bağına. İçində balaca balıqlar qaynaşan, şəffaf, sərin suyu olan balaca çay da axırdı ordan. O vaxt anasıgillə sağollaşanda atasını da bağrına basmağı elə arzulamışdı ki...
Davamı...Açar sözlər:

Nə qədər tələssəm də həmişə cümə namazını çöldə qılıram. Çünki məscidin içi hələ ertədən gəlib zikr eləyən, Quran oxuyanlarla dolu olur. Bu dəfə də belə oldu. Ayaqqabılarımı soyunub yalnız cümə günləri çölə sərilən böyük xalının üzərinə çıxdım. Məscid namazını qılıb oturdum. Dodaqaltı zikr eləməyə başladım. Xütbəyə az qalmışdı.
Məscidin həyəti yox idi və əslində çöl dediyim küçədəki adi asfalt yoldu. Xalı və həsirlər də bura döşənmişdi. Və əlhəmdulilləh, tədricən cümə namazına gələnlərin sayı artıqca xalılar döşənən yer də böüyürdü.
Xütbə başladı. Allah – Təalanın sonsuz hikmətini həmişəki kimi qorxu və heyranlıqla dinləmək üçün diqqət kəsildim. Bu günki mövzu qadın kişi münasibətləri haqqında idi. Dinlədikcə düşünürdüm ki, səslənən hər bir fikir son dərəcə məntiqlidi. Qadın və kişilərdə yersiz iddiaların coşduğu indiki dövr üçün hədsiz dərəcədə ibrətamizdi. Bəzi urban cəmiyyətlərdə yolunu azan və mürəkkəblik dövrünü keçib xaosa uğrayan qadın - kişi ünsiyyətlərinə qarşı sadə, dəqiq həm də gözəl nümunələrdi. Hamı səssizcə xütbəyə qulaq asırdı.
Birdən böyrümüzdə qadın tuflisinin kəskin taqqıltısı eşidildi. Bir çoxları kimi məndə çevrilib baxdım. Məscidlə bizim arasımızdakı səkidən çox gözəl bir qadın keçirdi. Üzündə saymazana ifadə vardı. Geyimi bədəninə kip idi. Saç düzümündən, baxışlarından, yüngül yerişindən güclü şəhvanilik axırdı. Qadının arxasınca başını aşağı dikən bir kişi gəlirdi. Deyəsən onun əriydi. Mənə elə gəldi o, bizdən utanır.
Kişi əlində qadının çantasını tutmuşdu.
Davamı...
Açar sözlər:

Qələmi bərk basanın xətti gözəl olmaz.
* * *
Öz kölgəsindən qorxanlar bilir ki, Kölgə özü haqda deyilənləri bilir.
* * *
Ağ kölgə
* * *
Qadın televiziya şirkətində müxbir işləyirdi. Əri isə polis serjantıydı. Qadın tez – tez ərindən intervü alırdı.
* * *
Allah təala ilə ünsiyyətə maneələr qoyan sözlər daha çox feildən törəyər.
* * *
Heç də cahil olmayan bir adamın içindən qələmə alınan komediya vasitəsilə biz cahilliyə gülürük. Kimin cahilliyinə?!
Cahilin də cahilliyə gülməyi kimi başqa böyük riyakarlıq varmı…?!
* * *
Bəzən yuxarı siniflərə qədər olan uşaqlıq illərimin hansısa məqamını xatırlayıram. O günlərin nuru düşüncəni donduracaq qədər bol idi.
* * *
O, siqaretini nəhəng közə basıb söndürdü
* * *
Mətbəxdəki qabyuyan çanaqlar evin ritmidi. Çünki danq! – daranq!, – danq! – daranq!, – daranq!, – danq!.
……..və sonsuzluq
* * *
Saf doğulan körpəni ilk dəfə insan virusa yoluxdurur. Burda sözlərini qəzəblə yazdığım teatral gülüş. Ha, ha, ha, yəni mən peyvəndləri nəzərdə tuturam.
* * *
Davamı...
Açar sözlər:
Nə böyük kənd idi, nə kiçik. Açıq şabalıdı torpağı quraqdan cadar – cadardı. Kənddə cəmisi bir nəfər namaz qılırdı – kəndin mollası. Qəbirstanın çəpəri söküləndə mollanın oğulları qəbirlərə ehtiramla baxa – baxa sökükləri yamayırdı. Çünki ailənin əsas gəliri burdan idi. Hər gün olmasa da, həftədə iki – üç dəfə kənd əhlindən mollaya sifariş gəlirdi. Hər kəs qıyımından çıxanı verirdi; pul, toyuq, buğda, və s. Həftə ərzində mollanı gah qəbirstanın yuxarısında, gah mərkəzində, gah da kənarında görmək olardı. Bir məzara isə molla xüsusi diqqət yetirirdi…
Mollanın ailəsindən fərqli olaraq kənd əhli qəbirliyə heç də rəğbət və ehtiramla baxmırdı. Təbii ki, dünyəvi istəklər və səmavi iman daxilən həmişə mübarizə aparır. Bütün hallarda əvvəl – axır yerin qəbirlikdi. Ancaq kənd camaatının məzarlığa ikrahla baxmağının əsas səbəbi başqaydı. Dirəklər çoxdan basdırılsa da, tez – tez dəyişilən rayon rəhbərliyi çoxdan və dəfələrlə vəd versə də, indiyədək kəndə elektrik xətti çəkilməmişdi.
Kənddə isə yalnız bir yerdə işıq yanırdı – qəbirlikdə. Daha doğrusu, bir qəbirin üstündə. Əsli bu kənddən olan hansısa nazir arvadının məzarıydı. Arvadının xatirəsi üçün düz qəbrəcən işıq çəkdirmişdi.
* * *
Övladlar valideyn olandan sonra özünün övlad olduğunu başa düşür.
* * *
Qabıq almanı qorusa da, yeyiləndə soyulub atılır…
* * *
Televiziyada daim müşahidə olunan ən bahalı reklam elə televiziyanın özüdü.* * *
– …!
– …!
– … , … … .. ……..?
– ……..?!
– …… .. .
– ……!!! , ……..!!! , ………..!!! ,
– …… .. ….?!!!
– ………. , … . …… .. ……….!!!
– .. …. ..???! …….. ….. .. …! .
...Mürgülü gecədə kiçik və sakit şəhər həyətlərinə bağlanan itlər hürüşür...
Yuxarıdakı durğu işarələriylə bağlı «mətni» şərti olaraq «it hürüşməsi» adlandırdım. Dostuma göstərib təəssüratını soruşdum. Bir az baxıb dedi: «Deyəsən, qoz sındırırlar.» Dostumun sevdiyi qız isə həmin «mətni» sevgililərin telefon danışığına bənzətdi.
Sonra onlar ayrıldılar.
Davamı...Açar sözlər:

Filmin növbəti səhnəsi qar üzərində çəkilməliydi. Yay olduğu üçün çox fikirləşmədən Duz gölü natura kimi seçildi. Adı göl olsa da, özü çoxdan qurumuşdu. Yerində isə yalnız göz işlədikcə ağaran qalın duz qatı qalmışdı. Əsas odu ki, kameranın gözü üçün hər tərəf ağappaqdı. Deməli yerdə qar var. Çəkiliş günü təyin olundu. Və təxminən otuz nəfərdən ibarət qrup qar üzərində, daha doğrusu duz üzərində işə başladı. Torpaqlı, tozlu yolun o başında avtomobil göründü. Maşından yaxşı başı çıxan adamın bir baxışı kifayət eləyər ki, bunun əlil avtomobili olduğunu təyin eləsin. Çəkiliş qrupu üçün isə o, sadəcə kinorejissordu. Balaca maşın yaxınlaşdı. Rejissor köməkçiləri köməyə tələsdi. Qapıdan əvvəlcə qoltuqağacların ucu göründü, ardınca da rejissorun yeganə qıçı uzandı. Köməkçilər onun qalxmağına kömək elədi. Və həmişəki kimi köməkləşib çəkiliş meydançasına gəldilər. Rejissorun enli qatlama kreslosu artıq hazır idi. O, oturdu və çəkiliş nöqtəsini göstərdi. Operator assistentləri kinokameranı gətirməyə getdilər. Onlar gec qayıtdılar. Sifətlərində çaşqınlıq vardı. Təqsirli adamlar kimi rejissora dedilər ki, ştativin bir ayağı sınıb. «Torpaq yol çox kələ – kötür idi, dəzgahlar maşında çox atılıb düşüb, bəlkə ondandı.» Kinorejissor özündən çıxdı, qəzəbləndi, deyindi, mırıldandı, söyləndi, bir neçə nəfərə acıqlandı, sonrada susub oturdu. Bütün çəkiliş meydançası da susurdu. Əsəbi oturan rejissor nəhayət öz qoltuqağaclarından birini uzadıb dedi ki, kameranı gətirin, ştativin sınan ayağının əvəzinə qoyun.
* * *
Biz qədim türklərdənik. Vətənimiz Azərbaycandı. Bizim torpaqdakı kəllə və bədənləri ayrı basdırılan sayagəlməz cəsədlərdə yadellilərin barmaq izi çoxdu.
* * *
Gündəlik həyatımın bir hissəsi keçdiyi avtobusdayam. Yeksənəq rənglərdi yenə. Diringi toy mahnısı qulaq deşir. Keşlə məscidinə yaxınlaşanda sürücü musiqini kəsir. Digər müsəlman sürücüləri də məscidə və məzarlığa yaxınlaşanda belə eləyir. Məntiqsizliyin axırı görünmür…! Cahillik və tamam. Yoxsa yalnız məscidlərlə, digər xalqlardakı «Tanrı ev»lərimi Allahın mülkiyyətinə aiddi, ona görə də yaxınlaşanda hörmət və qorxudan hansısa ehtiramını bildirir?! Deməli qalan yerlərdə qorxmamalıyıq – hər cür yaramazlıq eləmək olar. Son dərəcə yanlış və xətalı düşüncə! Yer üzü, bütün kainat Allahın mülkiyyəti deyilmi!?
Davamı...Açar sözlər:
Dostumla hansısa ədəbi məclisdə oturmuşduq. İştirak eləyənlər şairlər və oxuculardı. Şairlərin çoxu kişi, oxucularınsa çoxu qadın idi. Şairlər növbə ilə kürsüyə qalxıb şeir derdilər. Dikələn və udqunan parıltılı baxışlar onlara zillənirdi. Sonrasa ehtizazlı çəpiklər. Qarşımızdakı sırada oturan qadınların biri daha çox seçilirdi. Cavandı. Üzünün qanışirin dərisində solğun cazibə vardı. Şeiri dinləyəndə kirpikləri titrəyirdi, dodaqlarını yalayırdı və hərarətlə əl çalırdı. Sonda, məclisi aparan təvəqqe ilə kimisə dəvət elədi. Birinci sırada oturanlardan birisi ayağa durub süni təvazö ilə kürsüyə qalxdı. Onu tanıyırdım. Media aləmindəki zənginlərdən idi. Hardasa əlli beş yaşı olardı. Odla – alovla şeir oxumağa başladı. Ailə dəyərlərindən, körpələrin ülviliyindən, ana qayğısından, övlad sevgisindən və bütün bunların toxunulmaz müqəddəsliyindən söz açdı. Bayaqkı qadına baxdım. Təəccübləndim. Şövqü sönmüşdü. Kirpiklərini endirib yerə baxırdı. Görkəmindən qüssə yağırdı. Şeir qurtaranda da əl çalmadı. Bayıra çıxanda dostumdan soruşdum:
– Qabaq sırada bizdən sola oturan qadın kimdi?
O, etinasızlıqla üzünü mənə tərəf çevirmədən dedi:
– Ən axırda şeir deyənin məşuqəsi...
* * *
Ehtiyatlı ol. Əhəmiyyət vermədiyimiz kiçik səhvlərin sonunda böyük günah dayanır.
* * *
Mağazadan çıxanda arvad ərinin qoluna girdi. Bir – iki addım getdilər. Arvad dayandı:
– Qadın kişinin sağında getməlidi, – deyərək kişinin soluna keçdi.
* * *
İnsan cinsini üç tipə bölmək olar: kişi, qadın, birdə hamilə qadın.
* * *
Dostum Rafiq bir dəfə hamilə qadın görəndə demişdi:
– O – o – o, artıq burda dörd mələk işləyir.Davamı...
Açar sözlər:
Şərqdə qızlar böyüyür, tədricən bütün tabular haqda analarından öyrənir və yaxın rəfiqəyə çevrilirlər. Atalar isə oğullara tabular haqda danışmır. Atalar tabu – du.
* * *
Bir dəfə rayonlar arası yolda dəhşətli qəza oldu. Ata ağır yaralandı, ana aldığı tramvalardan üç ay komada yatdı. İki yaşlı körpə qızı isə... itirdilər. Üç aydan sonra ana özünə gəldi. Tibb bacıları heyrət içində ona gözaydınlığı verdi. Ana zorla gülümsədi, “qızımı gətirin yanıma,” yalvardı. Tibb bacıları quruyub qaldı. Biri özünü eşitməzliyə vurdu, ləvazimatları götürüb qonşu palataya keçdi. O biri, ananın yaxınlarına xəbər vermək bəhanəsiylə tələsik çıxdı və dəhlizdə özünə söz verdi ki, ananın ürək parçalayan baxışlarına tuş gəlməmək üçün bir daha ora girməyəcək. Ana tək qaldı. Dəhlizdən gələn səslər arasında körpəsinin hənirtisini aramağa başladı. Qohumlar ananın komadan ayıldığını bilsələr də, heç kəs yanına girməyə cürət eləmədi. Daim gözünü yumanda körpə qızının təbəssümünü görən ata da. Ata xəstəxananın həyətindəki ağacın altında ağladı. Ata qəlbləri didən səslə ağaca yalvardı: “Körpənin yoxluğunu anaya sən de,” Ağac susdu. Ata quşlara yalvardı. “Siz deyin,” daha həyətdə heç bir quş görünmədi. Ata buludlara yalvardı. Yağış başladı, buludlar əriyib itdi.
Oxucum, bu xəbəri anaya deyə bilərsəmi?
* * *
Analar övladlarını doqquz ay daha çox tanıyır hamıdan.
* * *
Cazibəli gözlər
Və
Qəddar sözlər
Davamı...
Açar sözlər:

Hardasa torpağın altda çəyirdək çatladı...
* * *
Yer kürəsinin xəritəsində şəhərlər çoxalır. Əvvəllər adam çox olanda şəhər yaranardı.
* * *
Avtobusda cibgir hərifə yan aldı. Pencəyin üst cibinə iki barmağını salmaq imkanı tapdı. Kəsik çubuğa bənzər yumşaq nəsə barmaqlarına ilişdi. Baxmayıb, öz cibinə ötürüb avtobusdan düşdü. Mürgülü şəhərin küçələrindən birində kənara çəkilib cibindəkini çıxardı. Bu barmaq idi. Cibgir cəld öz barmaqlarına baxdı.
* * *
Xırda hekayətlərimi oxuyandan sonra dostum Elşən mənə dedi: «Sən daha maraqlısan.» O dəqiqə razılaşdım. Çünki bizi Yaradan sonsuz dərəcədə maraqlı yazır.
* * *
Dostum Səlimin şeirində yarpaq, ağacdan qopub poçt qutusuna düşmüşdü.
* * *
Rəqəmlər və hərflər; kvintilyon sayındakı hər hansı ədəd rəqəmlə yazılarsa heç bir sətri tutmaz. Əgər hərflə yazılarsa səhifədən çox tutar.
* * *
Şəhvət itəndən sonra kişi və qadınların cinsləri eyniləşir. Adam olurlar.
* * *
Hər bir adam ən azı özü olmaqla birincidi.
Davamı...
Açar sözlər:

Vətəndə evi olmayanlara deyirəm: Gedin, Marsa!
* * *
Səmanın üzünü tutan sıx göydələnlər ucalır. İndi adamlar durmadan daha da hündürdə yaşamağa can atır. Göydələnlərdən aşağı ağaclar var, ağaclardan aşağı üstündə gəzdiyimiz torpaq. Mən gəzirəm. Bura park adlanır. Ağacları büzüşüb. Torpaq cadar – cadardı. Yaxınlıqda iri borudan axan suyun şırıltısı eşidilir. Su nəhəng sement – qum məhluluna axır. Fəhlələr ciddi cəhdlə işləyirlər. Çox keçməyəcək bir göydələn də artacaq. İnsanlar Babil qülləsini tez unutdular.
* * *
Mən özgələrin ləpirinə baxa – baxa qarda yeriyirdim. Sonra dönüb öz ləpirlərimə baxmaq istədim. Çox baxdım. Öz ləpirlərimi seçə bilmədim.
* * *
Səssiz gecə idi. Səkikənarı dirəyin solğun işığı rütubətin soyuğuna qarışıb yuxu gətirirdi. İllərlə hər cür təpik dəyən cod asfalt, möhkəm üzüylə səkiyə qara sığal çəkmişdi. Səki yatırdı. Ehtiyatla qar yağmağa başladı. Yağdı, yağdı, çox yağdı... və hər yerə ağ sığal çəkdi. Ertəsi gecə də səssizdi. Ancaq qarın üzərində saysız – hesabsız insan izi vardı.
* * *
Metroya qar yağmışdı...
* * *
İmanlı kişi, hətta açıq – saçıq geyinən naməhrəmi də hicabda görər.
* * *
Qız ərə gedəndən sonra xeyli arıqladı. Nişan üzüyü barmağından sürüşüb düşürdü. O, üzüyün halqasını daraltmaqçün şəffaf lent sarıyırdı və ərinin laqeydliyindən ümidsizcə gileylənirdi.
* * *
Hər halda, dünyaya gələcək bütün körpələr haqda ilk xəbəri kişilər qadınlardan eşidir.
* * *
Bəzən ölmüş ümidlər təəssüfün gücündən dirilir. Təəssüfün sonu tövbədi.
Davamı...Açar sözlər:
